REGİONLAR
BAKIDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İKİNCİ REGİONAL SEMİNARI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 30-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) toxumçuluğun tənzimlənməsinin ahəngdarlığı üzrə ikinci regional seminarı öz işinə başlamışdır.
Tədbiri kənd təsərrüfatı naziri İsmət Abasov açaraq xatırlatmışdır ki, birinci seminar bu il yanvarın 17-19-da Pakistanda keçirilmişdir. Orada kənd təsərrüfatı bitkilərinin sort-sınaq, sanitar qaydaları müzakirə olunmuşdu.
Natiq məlumat vermişdir ki, ikinci regional seminarda ECO-nun üzvü olan ölkələrin - Əfqanıstan, İran, Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Toxum və Bitkilərin Genetik Ehtiyatları Xidmətinin, Quraq Regionlarda Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzinin (İCARDA) təmsilçiləri, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər.
Nazir bildirmişdir ki, FAO və ECO-nun maliyyələşdirdiyi bir sıra layihələrin reallaşdırılması sayəsində ölkəmizin aqrar-sənaye kompleksinin müxtəlif sahələrində yeni texnologiyalar tətbiq edilmiş, kəndli sahibkarların təsərrüfatlarında informasiya-monitorinq sistemi yaxşılaşdırılmış, ayrı-ayrı elmi müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, Ağdam rayonunda məcburi köçkünlər kənd təsərrüfatı məhsulları istehsalını nizama salmışlar.
Natiq toxumların uyğunlaşdırılmasını yüksək kənd təsərrüfatı məhsulu almağın başlıca amili adlandırmış, seminarın işinə uğurlar arzulamışdır.
Seminarda ECO-nun kənd təsərrüfatı departamentinin direktoru Mətin Genkol, FAO-nun toxum və bitkilərin genetik ehtiyatları xidmətinin nümayəndəsi Juan Fajardo, İCARDA-nın toxum birliyinin rəisi Zevde Bişau çıxış etmişlər.
Qeyd olunmuşdur ki, hər bir ölkədə toxumçuluqla bağlı qanunlar qəbul edilmişdir. Bu qanunların fərqli və oxşar cəhətlər vardır. Seminarın əsas məqsədi ECO üzvü olan dövlətlərdə həmin qanunlara nəzər salmaq, oxşar və fərqli cəhətləri aşkara çıxarmaq, boşluqları müəyyənləşdirmək, adı çəkilən ölkələrdə toxum ticarətini asanlaşdırmaqdır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının artımına səbəb olmalıdır. Natiqlər toxum amilinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında rolunu xüsusi vurğulamışlar. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə İCARDA-nın əməkdaşlığı xüsusi qeyd edilmişdir.
Qonaqlar bu beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
Seminarın birinci iş günündə Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Nazirlər Kabineti Aparatının aqrar-sənaye şöbəsinin müdiri Rüfət Əsədov iştirak etmişlər.
Seminar mayın 31-də öz işini davam etdirəcəkdir.