Bakıda işə düzəltmək adı ilə 211 nəfəri aldadan mütəşəkkil dəstənin üzvləri tutulub
Bakı, 1 aprel, AZƏRTAC
Daxili işlər orqanları vətəndaşların etibarından sui-istifadə, aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELIV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, firmanın rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyənləşib. M.Məcidov və cinayətkar dəstənin digər üzvləri - paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.
Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman, ilk növbədə, hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə məlumat vermələrini tövsiyə edir.