BAKIDA “İSLAM DİNİNİN MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ ROLU” MÖVZUSUNDA YAY MƏKTƏBİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 11-də Bakıda Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşkilatçılığı ilə “İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu” mövzusunda yay məktəbi açılmışdır.
İyulun 20-dək Bakı və Quba şəhərlərində fəaliyyət göstərən yay məktəbinə Amerika, Avropa, Afrika və Orta Asiyanın 15 ölkəsindən iştirakçılar qoşulmuşlar. Yay məktəbində dünyanın tanınmış təhsil ocaqlarının müəllimlərinin mühazirələri dinləniləcəkdir.
Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev açılış mərasimində çıxış edərək bildirmişdir ki, yay məktəbindən məqsəd İslam dininin beynəlxalq münasibətlərdə rolunu öyrənmək və onu sülh, sosial ədalət dini kimi tədqiq etməkdir. Bu proqram Azərbaycanı dini tolerantlıq modeli kimi tanıtmaqda və ADA-nın dinlərarası dialoq üçün platformaya çevrilməsində mühüm rol oynayacaqdır.
Bildirilmişdir ki, proqram çərçivəsində Azərbaycandakı mövcud yüksək dini tolerantlıq, İslam dininin əsasları və digər mövzular müzakirə ediləcəkdir. Müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyət, tarixi abidələrlə tanışlıq və istirahət yay məktəbinin baza elementləri olacaqdır. Müxtəlif dinlərin sülh şəraitində birgə mövcudluğunun mümkünlüyünü araşdırmaq məqsədi ilə iştirakçılar məscidlərə, kilsələrə və Qubada yəhudi sinaqoquna baş çəkəcəklər.
Diqqətə çatdırılmışdır ki, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ABŞ, İran və Qətərin Azərbaycandakı səfirləri mövzu ilə bağlı müzakirələrdə iştirak edəcəklər.
Yay məktəbində 33 nəfər iştirak edir. Onlardan 17-si xarici tələbədir.
######
![]() |
![]() |

