BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar satılırdı.
Alıcılar məhsulların bazarlarda nisbətən ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 24,3 ton məhsul, o cümlədən 7 ton ət, 0,3 ton ağartı, 7 ton tərəvəz, 4 ton kartof, 6 ton meyvə, 15 min ədəd yumurta təklif olunmuşdur. Yeni il ərəfəsində məhsulların həcmi və çeşidi artırılacaqdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 67 ton məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, bayram ərəfəsində əhalinin tələbatı nəzərə alınaraq məhsulların həcmi xeyli artırılmışdır. 
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə alıcılara 6 tondan çox məhsul təklif olunurdu.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan 18 ton tərəvəz, 6 ton bostan bitkiləri, 35 ton meyvə, 3 ton ət, 4 ton kartof ümumilikdə isə 65 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Burada kartofun kiloqramı 40-60, soğan 25-30, kələm 20-25, xiyar, pomidor 80, alma 50-70, xurma 40-50 qəpiyə təklif edilirdi.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Saatlı, Salyan, Ağdaş, Masallı və digər rayonlardan 15 tondan çox məhsul gətirilmişdi.
Ağdaşlı Lazım Məmmədov bildirdi ki, bir ildən çoxdur hər həftə buraya məhsul gətirir. Fermer indiyədək burada 15 tondan çox kartof və soğan satmışdır.
Yarmarkaya nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirdilər ki, gətirilmiş məhsulların yerləşdirilməsi və paytaxt sakinlərinə satılması üçün ərazidə lazımi şərait yaradılmışdır.
Alıcılar Dadaş Bəkirov, Fidan Salamova, Xanım Nəcəfova və başqaları yaradılmış şəraitdən, məhsulların keyfiyyətindən, qiymətlərin münasibliyindən razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu rayonundan 4 ton soğan, 2,4 ton kələm, 1 ton nar və digər kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Burada kələmin kiloqramı 20, soğanın kiloqramı 15, almanın kiloqramı 30-40, narın kiloqramı 50 qəpiyə satılırdı. Şəhər sakinləri qiymətləri bazardakından ucuz olan həmin məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, bu gün yarmarkaya Qazax və Ağsu rayonlarından 30 tondan artıq meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısında təşkil olunmuş yarmarkaya Goranboy, Ağstafa və Bərdə fermerləri 35 tondan artıq məhsul çıxarmışdılar.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri əhaliyə 143,7 tona yaxın meyvə-tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, İmişli, Giləzi broyler fabriklərinin təmsilçiləri isə 1,5 ton toyuq əti və 30 min ədəd yumurta təklif edirdilər.