BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar satılırdı. Alıcılar məhsulların bazarlara nisbətən ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada 15,2 ton məhsul, o cümlədən 5 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 3 ton kartof, 4 ton meyvə, 10 min ədəd yumurta, iki gün ərzində isə 39,5 ton məhsul satılmışdır. Yeni il ərəfəsində məhsulların həcmi və çeşidi artırılacaqdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Şəki rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı təklif edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada ümumilikdə 246,5 ton məhsul, o cümlədən 48 ton kartof, 96,5 ton tərəvəz, 16,8 ton ət, 2,6 ton ağartı və digər kənd təsərrüfatı məhsulları satılmışdır. Ət və ağartı məhsulları müayinədən keçirildikdən sonra satışına icazə verilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Qazax və Ağsu rayonlarının fermerləri xeyli çeşiddə meyvə-tərəvəz və süd məhsulları gətirmişdilər. Şəhər sakinləri burada istədikləri kənd təsərrüfatı məhsullarını bazardakından 20-30 faiz ucuz qiymətə aldıqlarını bildirirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun sözlərinə görə, şənbə və bazar günlərində yarmarkaya 31 tonadək məhsul çıxarılmışdır.
Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkaya 36 tonadək məhsul gətirmişdilər. Şəhər sakinləri ucuz qiymətlərə satılan meyvə-tərəvəzi həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov məlumat vermişdir ki, Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri bazar günü əhaliyə 57,4 ton meyvə, 37,3 ton tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, İmişli, Giləzi broyler fabriklərinin təmsilçiləri isə 1,7 ton toyuq əti və 50 min ədəd yumurta təklif etmişlər. Burada malların qiyməti bazardakından 30-40 faiz ucuz olmuşdur.