BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 12,05 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 5,2 ton tərəvəz, 2 ton kartof, 3,1 ton meyvə, 11 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı təklif edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 12,5 ton ət, min ədəd yumurta, 41 ton meyvə, 8 ton ağartı və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkada qiymətlərə və çəkiyə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri 30 ton məhsul satmışlar. Məhsulların qiyməti bazardakından 20-35 faiz ucuz olmuşdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konserv çoxluq təşkil etmişdir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri iki gün ərzində əhaliyə qiymətləri bazardakından 20-25 faiz ucuz olan meyvə-tərəvəz təklif etmişlər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada ucuz qiymətlərə təzə meyvə-tərəvəz, o cümlədən albalı, badımcan, kartof, lobya və süd məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Ağsu və qazaxlı fermerlər yarmarkaya 25 tonadək müxtəlif çeşiddə məhsul gətirmişlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da satışa çıxarılan məhsulların xeyli hissəsini meyvə-tərəvəz təşkil edirdi.
İşçi qrupunun rəhbəri Qadir Həsənov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada Bərdə, Goranboy və ağstafalı fermerlər 12 tonadək məhsul satmışlar.