BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada satışa qiymətləri bazardakından 20-25 faiz aşağı olan 20,86 ton məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 6 ton tərəvəz, 5 ton kartof, 2,5 ton bostan məhsulları, 5 ton meyvə, 12 min ədəd yumurta, 60 kiloqram bal çıxarılmışdı.
Fermerlər qoyun ətinin kiloqramını 4 manat 50 qəpiyə, mal ətini 4 manat 20 qəpiyə, quş ətini 3 manat 80-4 manat 20 qəpiyə, balı 9-10 manata, almanı 30-60, armudu 40-80, çuğunduru, yerkökünü, kələmi 60, pomidoru, lobyanı 40-50, kartofu, soğanı 30-40, yumurtanın bir ədədini 10, göyərtinin dəstəsini 10-15 qəpiyə satırdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığındakı “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada sakinlər istədikləri meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını ucuz qiymətə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirmişdir ki, Salyan, Quba, Kürdəmir, Şəmkir və digər rayonların fermerləri yarmarkaya 293 tondan artıq məhsul gətirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarından 55 tona yaxın məhsul gətirilmişdir. Satışda meyvə-tərəvəz, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 5 tondan çox məhsul çıxarmışlar. Burada da qiymətlər bazardakından 25-30 faiz ucuz idi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada qiymətləri bazardakından 30-35 faiz ucuz olan təzə meyvə-tərəvəz və süd məhsulları satılırdı. Həvəslə bazarlıq edən alıcılar onlara təklif edilən məhsulların həm də keyfiyyətli olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə demişdir ki, bu gün Qazax və Ağsu rayonlarından yarmarkaya 27 tonadək məhsul gətirilmiş və dörd-beş saat ərzində onların xeyli hissəsi satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Bərdə və Ağstafa fermerləri əhaliyə ucuz qiymətə 15,3 ton meyvə-tərəvəz və heyvandarlıq məhsulları təklif edirdilər.
######
![]() |
![]() |

