BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 16 fevral (AZƏRTAC). Fevralın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 11 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada yumurtanın biri 10, kartof və soğanın kiloqramı 30-40, kök, çuğundur 40-50, kələm 50-60 qəpiyə, qoyun əti 4 manat 50, mal əti 4 manat 20, quş əti 3 manat 60-3 manat 80 qəpiyə təklif edilirdi. Sabirabadlı Ceyhun Seyidov deyir ki, son bir neçə həftədə burada 3 tona yaxın məhsul satmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Şənbə və bazar günləri burada 26 tondan çox məhsul satılmışdır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerləri iki gün ərzində alıcılara 70 tona yaxın müxtəlif məhsullar satmışlar. İşçi qrupundan bildirmişlər ki, məhsulun keyfiyyəti, ərazidə sanitar-gigiyenik vəziyyət diqqət mərkəzində olmuşdur. Sakinlərə nəzarət tərəzisi vasitəsilə aldıqları məhsulun çəkisinin düzgünlüyünü yoxlamaq üçün şərait yaradılmışdır.
Alıcılar qiymətlərin münasibliyindən razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri təklif olunan müxtəlif çeşidli meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 83 ton tərəvəz, 45 ton kartof, 110,5 ton meyvə və digər məhsullar satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından 20-25 faiz ucuz olduğuna görə razılıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 49,6 ton, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 8,2 ton məhsul satmışlar. Bazar günü hər iki yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, ağartı, meyvə-tərəvəz çoxluq təşkil etmişdir. Sakinlər yumurtanın birini 7-10 qəpiyə, almanın kiloqramını 30-70, xurmanı 40-80 qəpiyə, qozu 2 manata, qoz ləpəsini 3-6 manata, şabalıdı 1 manat 50 qəpik- 4 manata, qoyun ətini 5 manata, quzu ətini 6 manata, mal ətini 4 manat 60 qəpiyə, quş ətini 3 manat-3 manat 80 qəpiyə ala bilərdilər. Qiymətlər bazardakından 45-55 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa kələm, kök, qoz, fındıq, kartof, çuğundur, alma, nar, soğan və digər məhsullar çıxarılmışdı. Şəhər sakinləri Qazax və Ağsudan gətirilmiş həmin məhsulları həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin sözlərinə görə, şənbə və bazar günləri yarmarkada 19 tonadək məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyevin verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz fermerləri satışa 15,4 ton, tərtərlilər 11,1, imişlililər 3, tovuzlular 5, astaralılar isə 1,5 ton məhsul satmışlar. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######
![]() |
![]() |

