BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 12 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 4 ton tərəvəz, 3 ton meyvə, 3,5 ton kartof, 0,2 ton süd, 2 min ədəd yumurta, 50 kiloqram bal gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə və bazar günləri burada 30 tondan çox məhsul satılmışdır.
Güclü yağış yağmasına, havanın soyuq olmasına baxmayaraq, bazar günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada qələbəlik idi. Buradakı bolluq alıcıların seçim imkanlarını artırırdı. Qiymətlərin münasibliyi alverin yaxşı getməsinə şərait yaradırdı. Yarmarkada soğanın, kartofun kiloqramı 40-50, kələm 50, alma 30-50, istixanada yetişdirilmiş təzə xiyar 80 qəpiyə, mandarin 1 manat-1 manat 20 qəpiyə, pomidor 1 manat 30-1 manat 50 qəpiyə, diri baliq 4-5 manata, göyərtinin bir neşə dəstəsi 10-20 qəpiyə və s. təklif olunurdu. Yarmarkada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı. Burada qoyulmuş nəzarət tərəzisi vasitəsilə hər bir alıcı aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara alma, qoz, kartof, soğan, kələm, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 77 ton tərəvəz, 114 ton meyvə, 42 ton kartof və digər məhsullar satılmışdır.
Yarmarkada qiymətlərə və çəkiyə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 52 tondan çox, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 9 tona yaxın məhsul satmışlar. Bazar günü hər iki yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, ağartı, meyvə-tərəvəz çoxluq təşkil etmişdir. Sakinlər yumurtanın birini 7-10 qəpiyə, almanın kiloqramını 30-70, xurmanı 40-80 qəpiyə, qozu 2 manata, qoz ləpəsini 3-6 manata, şabalıdı 1 manat 50 qəpik-4 manata, qoyun ətini 5 manata, quzu ətini 6 manata, mal ətini 4 manat 60 qəpiyə, quş ətini 3 manat-3 manat 80 qəpiyə almışlar. Qiymətlər bazardakından 45-55 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazax fermerləri alma, kələm, soğan, xiyar, qoz, pomidor, kartof və s. çıxarmışdılar. Məhsullar ucuz qiymətlərə satılırdı. Bazarlıq edən şəhər sakinləri onlara təklif olunan meyvə-tərəvəzlərin həm də keyfiyyətli olduğunu bildirirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə dedi ki, şənbə və bazar günlərində yarmarkada 19 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy və Ağstafadan bol məhsul gətirilmişdi. Burada da alıcılar həvəslə bazarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri satışa 46,5 ton məhsul çıxarılmışdır. Xaçmaz fermerləri 25,1 ton, tərtərlilər 11,6, imişlililər 3,2, tovuzlular 4, astaralılar isə 1,5 ton məhsul satmışlar.
######
