Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 16,7 ton məhsul təklif olunur. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırlar. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satışa Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 74,4 ton meyvə-tərəvəz, ət, balıq çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, alıcılara bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalara - “Günəş” ticarət mərkəzinə və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad, Balakən və Şəki rayonlarından 26,9 ton məhsul gətirilmişdir. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda yerləşən “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 123 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Satışa çıxarılan məhsulların keyfiyyətinə və qiymətinə nəzarət olunur. Burada kartofun kiloqramı 70 qəpik-1 manata, kələm 50-60 qəpiyə, pomidor 1 manat 20 qəpik-1 manat 50 qəpiyə, xiyar 80 qəpik-1 manata, çiyələk 1 manat 80 qəpik-2 manata, lobya 1 manat 50 qəpiyə təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirmişdir ki, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Siyəzən, Bərdə, Goranboy və digər rayonların fermerləri satışa 17 ton məhsul çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan rayonlarından 35,8 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikindən 10 min ədəd yumurta gətirilmişdir.
Alıcılar yarmarkada yaradılmış səliqə-sahmandan, məhsulların keyfiyyəti və qiymətindən razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
