BAKIDA MİLLİ PATENT SİSTEMİNİN 15 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SİMPOZİUM KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Bakıda milli patent sisteminin 15 illik yubileyi münasibətilə “İqtisadi, sosial və mədəni inkişaf naminə əqli mülkiyyət sisteminin müasir üsullar əsasında idarə edilməsi“ mövzusunda simpozium açılmışdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov bildirmişdir ki, Azərbaycanda milli patent sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə patent sisteminin qanunvericilik bazası təmin edilmiş, ekspertizanın aparılması, eləcə də milli mühafizə sənədlərinin hazırlanması beynəlxalq normalara, standartlara uyğun həyata keçirilmişdir.
Dünya Əqli Mülkiyyət Təşkilatının, Avrasiya Patent Təşkilatının və digər beynəlxalq qurumların nümayəndələrinin də qatıldıgı tədbirdə patent sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixael Svantner Azərbaycanın milli patent sistemi ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini vurğulamışdır.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Patent şöbəsinin müdiri Miryaqub Seyidov iddia sənədlərinin artdığını, MDB məkanında əməkdaşlığa diqqət yetirildiyini, eləcə də dövlətlərarası müqavilələrin movcudluğunun bu sahədə əlaqələrin inkişafına müsbət təsir göstərdiyini bildirmişdir. O, Azərbaycanda əqli mülkiyyət sahəsində tədris mərkəzinin yaradılması zəruriliyinə də toxunmuşdur. Mərkəzin yaradılmasının məqsədlərindən biri dövlət və məhkəmə orqanlarında tədrisin aparılması, hakimlərin patent sistemi sahəsi ilə tanışlığını təşkil etməkdir.
Simpozium öz işini iyulun 17-də davam etdirəcəkdir.