BAKIDA QAFQAZ ÇAYÇILARININ BİRİNCİ KONQRESİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyulun 11-də Bakı dəniz vağzalında “Biznes və İnkişafın Qafqaz Şəbəkəsi” beynəlxalq təşkilatının Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirdiyi Qafqaz çayçılarının birinci konqresi işə başlamışdır.
Binanın geniş foyesində Moskvanın “May” şirkətinin, Gürcüstanın Tkibuli və Sxaltubo çay fabriklərinin, “Azərsun Holdinq” şirkətlər qrupunun “Sun-Tea Azərbaycan” çay qablaşdırma fabrikinin, Lənkəranın və Zaqatalanın çay müəssisələrinin və digərlərinin müxtəlif növ məhsulları nümayiş etdirilmişdir. İştirakçılar istədikləri qara, qırmızı, yaşıl, sarı, elit çayların dadına baxmışlar.
Açılış mərasimində keçmiş SSRİ məkanında çayçılığın əsasını qoymuş şəxslərdən biri, Sosialist Əməyi Qəhrəmanı Ustin Şteyman, Gürcüstanın “Ternali” çay fabrikinin rəhbəri Alu Qamaxariya, Azərbaycan Çayçılar Assosiasiyasının prezidenti Fərman Quliyev və başqaları çayçılığın tarixində regionda ilk dəfə keçirilən tədbirin əhəmiyyətindən danışmışlar.
Bildirmişlər ki, konqresin keçirilməsindən məqsəd Qafqazda çayçılıq problemlərinin birgə həlli, regionda çayçılıq ənənələrinin bərpası, çayçılıq sənayesinin idxal-ixrac potensialının gücləndirilməsi, həmçinin bu sahəyə xarici tərəfdaşların və investorların cəlb edilməsidir.
Konqres çərçivəsində Bakı dəniz vağzalında iyulun 12-i saat 17.30-da çayların dequstasiyası keçiriləcək, iştirakçılara hədiyyələr veriləcəkdir. Çıxış edənlər bakılıları və paytaxtımızın qonaqlarını bu çay festivalında iştiraka dəvət etmişlər.
Tədbirdə çay məhsulunun yeni satış bazarlarına çıxmasına yardım edilməsi, Qafqaz çayçılarının, çay istehsalçılarının və çay emalı sahəsi işçilərinin hüquqlarının və maraqlarının qorunması, regionda və MDB məkanında daxili çay bazarının inkişafı və qarşılıqlı kömək sisteminin yaradılması, Qafqazda çayçılığın ənənələrinin qorunması və müasir elmi-texniki səviyyədə inkişaf etdirilməsi üçün dünyada çayın yeni texnologiya üzrə becərilməsi və emalı barədə məlumatın toplanması və digər məsələlər müzakirə olunmuşdur.
######
![]() |
![]() |

