BAKIDA ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ BEYNƏLXALQ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
ABŞ Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin rəsmiləri, Norveç Xarici İşlər Nazirinin müavini, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, bp, Şevron, Petrobras, Anqlo Amerikan şirkətlərinin və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edəcəyi iclasda 2006-cı ilin oktyabrında Norveçin paytaxtı Osloda MHŞT üzrə keçiriləcək 3-cü beynəlxalq konfransa hazırlıq işləri barədə də müzakirələr aparılacaqdır.
Aprelin 6-da isə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü: pilot ölkələrin təcrübəsi” mövzusunda konfrans keçiriləcəkdir. Konfrans 2 mərhələdən ibarət olacaq və “MHŞT-nin həyata keçirilməsində pilot təcrübə: Azərbaycan nümunəsi” və “MHŞT-nin tətbiqinin beynəlxalq perspektivləri” mövzularını əhatə edəcəkdir.
Konfransda ABŞ Dövlət Departamenti siyasət planlaşdırması bölməsinin direktoru Stefen Krasnerin, Böyük Britaniyanın baş auditoru Con Bourn və bu ölkənin Azərbaycandakı səfiri Lorens Bristounun, bp şirkətlər qrupunun vitse-prezidenti Qraham Bəksterin, Açıq Cəmiyyət İnstitutunun və Corc Sorosun şəxsi məsləhətçisi xanım Karin Lissakersin, Dünya Bankının baş iqtisadçısı Maykl Levitskinin, habelə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun, MHŞT üzrə Komissiyanın sədri Samir Şərifovun, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əlaqələndiricisi Sabit Bağırovun çıxışları dinləniləcəkdir. Konfransdan sonra Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu QHT nümayəndələri üçün ikigünlük seminar keçirəcəklər.