BAKIDA ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ BEYNƏLXALQ TOPLANTI KEÇİRİLİR
Tədbirdə ABŞ Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin rəsmiləri, Norveç xarici işlər nazirinin müavini, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, bp, Şevron, Petrobras, Anqlo Amerikan şirkətlərinin, 10-dan çox ölkənin və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici dövlətlərin Azərbaycandakı səfirləri, respublikamızın bir sıra nazirlik və komitələrinin təmsilçiləri iştirak edirlər.
İclasa sədrlik edən BMQ-nin rəhbəri Piter Aygen və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov toplantı iştirakçılarını salamlamışlar.
MHŞT-nin müxtəlif üzv ölkələrdə tətbiqinin mövcud vəziyyəti, ötən iclasdan sonra görülmüş işlər və bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı qrupun gələcək fəaliyyəti, bu ilin oktyabrında Norveçin paytaxtı Osloda keçirilməsi nəzərdə tutulan MHŞT üzrə beynəlxalq konfransa hazırlıq məsələlərinin müzakirəsinə başlanmışdır. Ayrı-ayrı ölkələrin təcrübəsi barədə məruzələr dinlənilmiş, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallar cavablandırılmışdır.
Aprelin 6-da isə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü: pilot ölkələrin təcrübəsi” mövzusunda konfrans keçiriləcəkdir. İki mərhələdən ibarət olacaq konfrans “MHŞT-nin həyata keçirilməsində pilot təcrübə: Azərbaycan nümunəsi” və “MHŞT-nin tətbiqinin beynəlxalq perspektivləri” mövzularını əhatə edəcəkdir.
Konfransda ABŞ Dövlət Departamenti siyasət planlaşdırması bölməsinin direktoru Stefen Krasnerin, Böyük Britaniyanın baş auditoru Con Bournun və bu ölkənin Azərbaycandakı səfiri Lorens Bristounun, bp şirkətlər qrupunun vitse-prezidenti Qraham Bəksterin, Açıq Cəmiyyət İnstitutunun və Corc Sorosun şəxsi məsləhətçisi xanım Karin Lissakersin, Dünya Bankının baş iqtisadçısı Maykl Levitskinin, habelə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərovun, MHŞT üzrə Komissiyanın sədri Samir Şərifovun, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əlaqələndiricisi Sabit Bağırovun çıxışları dinləniləcəkdir. Konfransdan sonra Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu QHT nümayəndələri üçün ikigünlük seminar keçirəcəklər.