Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq konqres keçirilir
Bakı, 4 may, E. Hüseynov, AZƏRTAC
Mayın 4-də Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda Azərbaycan uroloqlarının birinci beynəlxalq konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilati dəstəyi ilə reallaşan konqresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları iştirak edirlər.
Açılışda çıxış edən ADHTİ-nin rektoru Nazim Qasımov Azərbaycan səhiyyəsinin son illərdə sürətlə inkişaf etdiyini, yenidən tikilmiş və ya əsaslı təmirdən çıxmış 600-dən çox tibb müəssisəsinin ən müasir tibbi avadanlıq və cihazlarla təchiz olunduğunu qonaqların diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirlər əzmlə həyata keçirilir.
Rektor bildirib ki, əsas vəzifələrdən biri də Azərbaycan tibb elmini inkişaf etdirmək və onun dünya tibb elminə inteqrasiyasına nail olmaqdır. Bunun üçün dövlətimiz tərəfindən alimlərə bütün imkanlar yaradılıb. Son illərdə ADHTİ-nin Türkiyə, Rusiya, Belarus, Almaniya və digər ölkələrin aparıcı universitetləri ilə tibb təhsili və elmi araşdırmalara dair bağladığı müqavilələr bunun əyani təzahürüdür. Bu müqavilələr əsasında institutun onlarla əməkdaşı həmin təhsil müəssisələrində ən müasir texnologiyalara yiyələnir və Vətənə dönərək qazandıqları bilik və təcrübələri öz gündəlik işlərində tətbiq edir.
Qeyd olunub ki, Azərbaycanda urologiyanın inkişafı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Bu görkəmli alimin təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Klinik Uroloji Xəstəxanası yaradılıb, burada urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi-genetik məsləhətxana təşkil olunub. Akademik M. Cavadzadə tərəfindən 1972-ci ildə nəinki Azərbaycanda, hətta Qafqaz və Orta Asya ölkələrində ilk dəfə böyrəkköçürmə əməliyyatı aparılıb. Vurğulanıb ki, dünya şöhrətli bu alimin adını daşıyan və ADDHTİ-nin klinik bazası olan Respublika Klinik Uroloji Xəstəxanasının Azərbaycan səhiyyəsində özünəməxsus yeri var. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir olunaraq ən yüksək standartlara uyğun avadanlıqlarla təchiz edilmiş klinikada yaradılan şərait əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, urologiya sahəsində elmi-tədqiqat işlərinin aparılmasına geniş imkanlar yaradır.
Rektor deyib ki, bu gün Azərbaycanda ən mürəkkəb endo-uroloji cərrahiyyə əməliyyatları, eləcə də böyrək transplantasiyası uğurla həyata keçirilir.
Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə isə çıxışında konqresin əhəmiyyətini qeyd edib və bu mühüm beynəlxalq tədbirə göstərdiyi təşkilatı dəstəyə görə Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə minnətdarlığını bildirib.
Konqresdə “Sidikdaşı xəstəliyinin intervension müalicəsinin nailiyyətləri” mövzusunda ilk məruzəni almaniyalı mütəxəssis, Avropa Uroloqlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvayler edib.
Sonra professor Aleksey Martovun (Rusiya), professor Samir Cavadzadənin (Azərbaycan), professor Kemal Sarıcanın (Türkiyə), professor Emil Cebanın (Moldova) və digər tanınmış uroloqların məruzələri dinlənilib. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdə urologiyanın ən aktual problemlərindən bəhs olunub.
Daha sonra mövzu ətrafında diskussiyalar aparılıb və suallar cavablandırılıb.
Mayın 5-də isə Milli Onkologiya Mərkəzində Rusiyanın tanınmış uroloqları tərəfindən canlı cərrahiyyə əməliyyatlarının keçirilməsi nəzərə tutulur. Əməliyyatların icrası birbaşa konfrans salonundan izləniləcək.