Bakıda “Uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). Dekabrın 13-də Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə “Uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin səhiyyə işçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri iştirak etmişlər.
“Dəyirmi masa”da çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşed Mustafa, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və başqaları ölkəmizdə uşaq əlilliyinin erkən aşkarlanması və profilaktikası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə danışmışlar.
Vurğulanmışdır ki, uşaqlıq dövrünə xas əlillik hallarının erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi ehtimal olunan qüsurların aradan qaldırılması üçün həyati əhəmiyyət kəsb edir.
Bildirilmişdir ki, əlilliyi olan uşaqlar bütün dünyada ən çox təcridə məruz qalanlar sırasındadır. Əlillik hallarının əksəriyyəti körpənin dünyaya gəldiyi dövrdən qaynaqlanır. Bu halların erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi isə əlilliyin qarşısının alınmasında mühüm rol oynayır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və UNISEF ölkəmizdə uşaqlıq dövrünə xas əlillik hallarının azaldılması üçün “Azərsun Holding” şirkətlər qrupunun dəstəyi ilə birgə fəaliyyətə başlamışlar.
“Azərsun Holdinq” şirkətlər qrupunun bölmə rəhbəri Afiq Səfərov qeyd etmişdir ki, UNISEF ilə əməkdaşlıq azərbaycanlı uşaqların rifahına töhfə verəcəkdir. Əlilliyi olan uşaqlar bir çox çətinliklərlə üzləşirlər və bu təşəbbüs uzunmüddətli perspektivdə bir çox insanların sağlamlığına müsbət təsir göstərəcəkdir.
Sonra Bakı Baş Səhiyyə İdarəsinin nəzdində yaradılmış işçi qrupu tərəfindən hazırlanmış “Uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr konsepsiyası”nın təqdimatı olmuşdur. İşçi qrupunun üzvü Təranə Seyidzadə diqqətə çatdırmışdır ki, 2013-cü ilin aprel ayında “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu isə uşaqların sağlamlığının qorunması istiqamətində aparılan işlərin daha da gücləndirilməsini tələb edir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin əvvəlində ölkəmizdə 18 yaşadək olan uşaqların sayı 2539,7 min nəfər təşkil etmişdir. Onlardan 3 yaşadək uşaqların sayı 662,4 min nəfər olmuşdur. Yaşı 18-dək olan uşaqların 62 min nəfərində əlillik müəyyən olunmuşdur ki, onların da 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşadək uşaqlardır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, 2012-ci ilin sonuna respublika ərazisində qeydiyyatda olan 17 yaşınadək kar və zəif eşidən uşaqların sayı 3 878, kor və zəif görən uşaqların sayı 14 871, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 6 462, nitq qüsuru olan uşaqların sayı 7 492, serebral iflic qalığı olan uşaqların sayı 3 740, psixoloji inkişaf pozuntuları olan uşaqların sayı 2 417, anadangəlmə anomaliyaları (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları) olan uşaqların sayı 7 082 nəfər təşkil etmişdir. Hazırda uşaq əlilliyinin profilaktikası üçün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir.
Qeyd edilmişdir ki, konsepsiyanın məqsədi uşaqların inkişaf pozğunluğunun mümkün qədər erkən aşkarlanması və erkən müdaxilələrlə uşaq əlilliyinin qarşısının alınmasından ibarətdir. İki hissədən ibarət konsepsiya 2020-ci ilədək olan dövrü əhatə edir. Birinci hissə Bakı şəhərinin bir sıra tibb müəssisələrində, ikinci hissə isə respublika üzrə bütün tibb məntəqələrində erkən aşkarlanma və erkən müdaxilə fəaliyyətlərinin həyata keçirilməsini nəzərdə tutur.
Tədbirdə, həmçinin sağlamlıq imkanları məhdud uşaqların aşkarlanması üzrə klinik protokolun əsas müddəaları ilə bağlı təqdimat da olmuşdur. Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla İsmayılova və UAFA-nın nümayəndəsi Züleyxa Nəcəfova məruzə etmişlər. Daha sonra UNİSEF-in məsləhətçisi , professor İlgi Ertem uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr xidmətlərinin mövcud modelləri barədə təqdimatla çıxış etmişdir.
“Dəyirmi masa” məruzələr ətrafında müzakirələrlə davam etmişdir.