BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NOVRUZ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Martın 18-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının Novruz satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.
AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.
NƏSİMİ RAYONU
“Təzə bazar” MMC-nin (S.Vurğun küçəsi, 73) həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Ordubad, Qəbələ və digər rayonlardan gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı.Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun sözlərinə görə, bü gün satışa 33,3 ton məhsul, o cümlədən 5,2 ton ət, 9,4 ton tərəvəz, 7,6 ton kartof, 9,9 ton meyvə, 36 min ədəd yumurta və s. çıxarılmışdır.
Novruz yarmarkaları davam edir.
NƏRİMANOV RAYONU
Metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında, “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada paytaxt sakinləri 7 rayondan gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.Novruz bayramı ilə əlaqədar olaraq alıcıların fəallığı artmış və məhsulların çeşidi xeyli çoxalmışdı. Satışa çıxarılmış ət, balıq, tərəvəz, kartof, meyvə, konserv və taxıl məhsullarının qiymətləri bazardakından xeyli ucuz idi.
YASAMAL RAYONU
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkada Novruz bayramı münasibətilə təşkil edilmiş yarmarkada məhsul bolluğu alıcılara geniş seçim imkanı vermişdi.Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Gülağa Mustafayev bildirmişdir ki, bayram ərəfəsində satışda 58 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları - ət, yumurta, qoz, fındıq, şabalıd, alma və s. çıxarılmışdır. Qiymətlərə və keyfiyyətə ciddi nəzarət olunur.
SURAXANI RAYONU
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivindəki “Günəş” ticarət mərkəzində təşkil olunmuş yarmarkada əhaliyə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edilirdi. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faiz ucuz idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fariz Əliyev bildirdi ki, Samux, Şəki, Qobustan və Balakən rayonlarının fermerləri yarmarkaya 4 tonadək kələm, kök, alma, çuğundur, kartof, qoz, soğan, turp, 1,5 tondan çox ət və digər məhsullar gətirmişlər.
Alıcılar yarmarkada bazarlıq etməyin daha sərfəli olduğunu bildirirdilər.
Əmircan qəsəbəsinin S.Bəhlulzadə küçəsində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Göyçay və Cəlilabad rayonlarının fermerləri şəhər sakinlərinə noxud, lobya, buğda, mal əti və digər zəruri kənd təsərrüfatı məhsulları təklif edirdilər.
XƏTAİ RAYONU
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər sakinləri satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər. Yarmarkaya Novruz bayramı münasibətilə gətirilən kənd təsərrüfatı məhsullarının çeşidi artmışdı. Burada bayram süfrəsi üçün zəruri olan qoz, fındıq, şabalıd daha çox alınırdı.
İşçi qrupunun qərargahından verilən məlumata görə, yarmarkada Ağcabədi, Qəbələ, Qax, Quba, Salyan, Şəmkir, Gədəbəy, Bərdə, Cəlilabad, Astara, Kürdəmir, Hacıqabul və Beyləqan rayonlarından gətirilmiş 17,3 ton kartof, 8,5 ton soğan, 6,1 ton kələm, 16, 45 ton alma, 3 ton narıngi, 2 ton armud və sair kənd təsərrüfatı məhsulu satılmışdır.
Paytaxt sakinləri bazarlardakından xeyli ucuz satılan məhsulları həvəslə alır, yarmarkaların təşkilinə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.