Bakının Suraxanı rayonunda əhalinin tibbi müayinəsi keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan əhalinin tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır.
AZƏRTAC xəbər verir ki, əhalinin pulsuz tibbi müayinəsi rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada təşkil olunub.
Suraxanı rayonun 212 min 300 nəfər əhalisinin və rayonda məskunlaş 21 min 858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaşın yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində müayinədən keçməsi üçün lazımi maarifləndirmə işləri aparılıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, aprelin 30-dək Suraxanı rayonunda 158 minə yaxın vətəndaş və 124 kollektiv tibbi müayinədən keçib. 6787 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 568 nəfər stasionar müalicəyə qəbul olunub.
24 nömrəli şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov bildirdi ki, 2010-cu ildən poliklinika müasir standartlara cavab verən yeni binada fəaliyyət göstərir və müasir avadanlıqlarla təchiz olunub. Prezident İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Poliklinika 13 min 415 nəfər böyük əhaliyə və 4126 uşağa xidmət edir. Sakinlər ümumi və biokimyəvi, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Carı ilə aprelin 30-dək 14 min 824 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 2566 nəfəri laboratoriya, 689 nəfəri USM və 444 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 1710 nəfərlərində xəstəlik aşkar olunub və 102 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Bülbülə qəsəbəsi Ağsaqqallar şurasının sədri, qəsəbə sakini Mirzəağa Quliyev 24 nömrəli ŞP-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vurğuladı ki, 2 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.