Balakəndə 7938 hektar sahədə dən üçün qarğıdalı yetişdirilib
Balakən, 20 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. Bu il rayonun fermerləri 7938,4 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi əvvəlki illə müqayisədə 995,7 hektar artırılıb. Bundan əlavə, təsərrüfatçılar bu il 128 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkiblər. Rayonun bəzi təsərrüfatlarında artıq qarğıdalı yığımına başlanılıb. İlk günlər 57 hektar sahənin məhsulu yığılıb, 230 ton dən qarğıdalı istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 6942,7 hektar sahədən 46250 ton dən qarğıdalı əldə ediblər. Hər hektardan orta hesabla 66,6 sentner məhsul götürülüb.
Sektor müdiri bildirib ki, hazırda təsərrüfatlarda yaş tütün yarpağının dərimi də davam edir. Balakənli fermerlər cari mövsümdə 43,5 hektar sahədə tütün yetişdiriblər. İndiyədək sahələrdən 882 ton yaş tütün yarpağı yığılıb. Dərilən yaş tütün sahələrdən birbaşa “Azərtütün” ASC-nin Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən emal məntəqələrinə gətirilərək qurutma kameralarına yerləşdirilir. İndiyədək emal məntəqələrində balakənli fermerlərin təhvil verdikləri yaş tütün kütləsindən 132 ton quru tütün istehsal olunub və proses davam edir.