Balakəndə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib
Balakən, 28 aprel, AZƏRTAC
Balakən Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə xəstəxananın direktoru Dilbər Quliyeva akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərdiyini, xüsusilə oftalmologiya sahəsində böyük elmi nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, akademikin zəngin elmi irsi bu gün də həkimlər üçün mühüm örnək olmaqla yanaşı, gənc nəslin peşəkar və məsuliyyətli kadr kimi formalaşmasında əhəmiyyətli rol oynayır.
O əlavə edib ki, belə tədbirlərin keçirilməsi görkəmli alimin həyat və fəaliyyətinin daha geniş təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx təqdim olunub.
Müxbir - Rasim İslamoğlu