BALAKƏNDƏ AQRAR SAHƏNİN İNKİŞAFI İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Balakən Rayonu İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət başçısı tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini bildirmiş, ölkədə aparılan aqrar islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, lizinqin genişləndirilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin həyata keçirilməsi ilə bağlı imzalanmış fərman və sərəncamların aqrar sahənin inkişafına böyük təkan verəcəyini xüsusi qeyd etmişdir. İcra başçısı çıxışında kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması, əkin sahələrindən səmərəli istifadə olunması, bazarlarda qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması, kəndlərdə sahibkarlığın inkişaf etdirilməsi və digər məsələlərə də toxunmuş, Bakı şəhərində keçirilən yarmarkalara Balakən fermerlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının göndərilməsinin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etmişdir.
Müşavirədə rayon İcra hakimiyyətinin aqrar məsələlər şöbəsinin müdiri Məhəmməd Şərifovun 2007-ci ilin birinci rübündə aqrar sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilmişdir.
Tədbirdə çıxış edən fermerlər, sahibkarlar, xidmət təşkilatlarının nümayəndələri aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini, kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişlər.