Balakəndə “Kimyada kəşflər” mövzusunda seminar-təlim keçirilib
Balakən, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “İnnovativ və Həvəskar Kimyaçılar Klubu” layihəsi çərçivəsində Balakəndə yeniyetmə və gənclər üçün “Kimyada kəşflər” mövzusunda seminar-təlim keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yeni layihə Balakən rayonunda yeniyetmə və gənclərin kimya elminə marağının artırılmasına xidmət edir.
Balakən Gənclər Evində keçirilən təlimdə klubun 40 nəfər üzvü, həmçinin rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Layihə rəhbəri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Balakən rayonu üzrə koordinatoru Leyla Hacıyeva tərəfindən keçirilən təlimlərin məqsədi kimya fənninə marağı olan şagirdlərin təcrübə, praktiki məşğələlər, intellektual oyunlar və digər metodlar vasitəsilə bilik səviyyələrini yüksəltməkdir. Bu məqsədə çatmaq üçün layihə müddətində şagirdlərin klub ətrafında təşkilatlanmasını təmin etmək, “Kimyaçı intellektlərin mübarizəsi” adlı intellektual oyunlar keçirmək, tədqiqat layihələrində ortaq mövzulardan istifadə etməklə kimyanın biologiya, fizika və coğrafiya elmləri ilə əlaqəli şəkildə öyrənilməsinə nail olmaq nəzərdə tutulur.
Layihə çərçivəsində indiyədək klub üzvlərinə “Kimya və hərb”, “Kimya və zərgərlik”, “Kimya və mətbəx”, “Kimya və xoşbəxtlik” və digər mövzularda təlimlər keçirilib.