Balakənli gənclər Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüşüblər
Balakən, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyində Vətən müharibəsində qəhrəmanlıq göstərmiş qazilər və müharibə iştirakçıları ilə gənclərin görüşü olub.
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, görüşə dəvət edilən müharibə qaziləri və iştirakçıları - Qazma kəndindən Rəfiyev Orxan Məhəmməd oğlu, Talalar kəndindən Orucov Nurlan Asif oğlu, Bayramzadə Elçin Nəzir oğlu, İsayev Məhəmməd Bəxtiyar oğlu və Hacıyev Müslüm Eldar oğlu əvvəlcə mərkəzlə yaxından tanış olublar.
Çay süfrəsi arxasında davam edən görüşdə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından bəhs edilib, müharibə iştirakçıları döyüş təəssüratlarını bölüşüblər.
Nümayəndəliyin rəhbərinin sözlərinə görə, müharibə qaziləri və iştirakçıları, həmçinin şəhid ailə üzvləri ilə belə görüşlər mütəmadi olaraq keçiriləcək.