DÜNYA
“Balmoral” kruiz gəmisi əfsanəvi “Titanik” gəmisinin marşrutunu təkrar edir
Bakı, 9 aprel (AZƏRTAC). Balmoral” kruiz gəmisi aprelin 8-də İngiltərənin Sautgempton limanından əfsanəvi “Titanik”in marşrutunu dəqiq təkrar edən anım kruizinə çıxmışdır. Gəmidə heyət üzvləri istisna olmaqla, 100 il əvvəl nəhəng laynerdə olan qədər - düz 1309 sərnişin vardır. Tura dünyanın 20-dən çox ölkəsindən arzu edənlər qoşulmuşlar.
Onların arasında 1912-ci il aprelin 15-nə keçən gecə Atlantik okeanda aysberqlə toqquşaraq sürətlə suya qərq olmuş nəhəng gəmidə səyahət edənlərin təxminən 50 qohumu vardır. O vaxt qəza 1,5 min insanın həyatına son qoymuşdu. Nisbətən yaxınlıqda olan “Karpatiya” gəmisi 700-dən çox insan xilas edə bilmişdi.
“Balmoral” gəmisinin sərnişinlərinin qalan hissəsini “Titanik”in tarixi ilə maraqlananlar təşkil edir. Kruizi təşkil edən şirkətdən bildirmişlər ki, onun müştəriləri Ceyms Kemeronun filmini izləmiş və hətta Selin Dionun ifasında filmdə səslənmiş mahnının sədaları altında toyda rəqs etmiş “Titanik” tarixinin əsl entuziastlarıdır.
“Titanik”in marşrutu ilə kruiz səyahətinə biletlərin qiyməti 2 799 ( 4,45 min dollar) - 5 995 (9,52 min dollar) funt sterlinq civarında olmuşdur.
Qəzanın 100-cü ildönümünün qeyd ediləcəyi aprelin 15-nə keçən gecə səyahət iştirakçıları anım mərasimi keçirəcəklər. Onlar Atlantik okeanında laynerin batdığı və hazırda onun parçalarının mühafizə olunduğu yerdə suya çiçək və əklillər buraxacaqlar.
Aprelin 10-da Nyu-Yorkdan “Azamara corni” kruiz layneri yola düşəcəkdir. Hər iki gəmi “Titanik”in qəzaya uğradığı yerə eyni vaxtda çatacaqdır. Kruiz vaxtilə “Titanik”in istiqamət götürdüyü Nyu-Yorkda başa çatacaqdır.