Baş nazir: İtaliya ilə əməkdaşlıq edən əfqanları ölkəyə gətirmək üçün çalışırıq
Roma, 19 avqust, AZƏRTAC
İtaliya ilə əməkdaşlıq edən əfqanları bu ölkəyə gətirmək üçün çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi deyib. Baş nazir ötən 20 ildə Əfqanıstanda İtaliyanın 54 sülhməramlısının həlak olduğunu, 700-dək əsgərin isə yaralandığını xatırladıb: “Onların ailələrinə fədakarlıqlarının boşuna olmadığını söyləmək istəyirəm. Əsgərlərimiz oraya göndərilmələrinə səbəb olan dəyərləri müdafiə ediblər. Onlar azadlığı, qadınların hüquqlarını müdafiə edib, terrorun qarşısını almaq üçün əməliyyatlar aparıblar. Mənim və bütün italyanlar üçün onlar qəhrəmandırlar”.
M.Draqi İtaliya ilə əməkdaşlıq edən əfqanları bu ölkəyə gətirmək üçün çalışdıqlarını bildirib. Baş nazir həmin insanlarla yanaşı, Əfqanıstanda hüquq müdafiəçilərinin də Avropaya qəbul olunması üçün əməkdaşlığın vacibliyini qeyd edib.
İtaliyanın G20-yə sədrlik etdiyini xatırladan M.Draqi G20-nin Əfqanıstanda hüquqların və əsasən də qadın hüquqlarının qorunmasında mühüm rol oynaya biləcəyini vurğulayıb. Bunun üçün dünya miqyasında da əməkdaşlıq vacibdir.
Qeyd edək ki, İtaliya Əfqanıstanda sülhməramlıları olan ölkələrdən biri idi və son əsgərlərini iyunda geri qaytarmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma