CƏMİYYƏT
Baş Prokurorluq: Dələduzluq əməli törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakı, 6 noyabr, AZƏRTAC
Tacikistan Respublikasının vətəndaşı, 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.