BAŞ PROKURORLUQDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİNXATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Baş prokuror Zakir Qaralov mərasimi açaraq diqqətə çatdırmışdır ki, Azərbaycanın 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, respublikamızın həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü adlandırılan bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Xüsusi olaraq vurğulanmışdır ki, müdrik Heydər Əliyev dövlətçilik siyasətinin və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində bu gün Azərbaycan xalqı milli Konstitusiya və mütərəqqi qanunlarla tənzimlənən və öz vətəndaşlarının hüquq və azadlıqları üçün real təminatlar yaradan hüquqi məkanda və vətəndaş cəmiyyətində yaşayır, mütərəqqi islahatlar sayəsində formalaşmış demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərir, böyük iqtisadi layihələrin həyata keçirilməsi, özəlləşdirmə aparılmaqla bazar münasibətləri yolu ilə gedərək iqtisadi müstəqilliyini əldə etmişdir. Beynəlxalq aləmin tamhüquqlu üzvü kimi dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya edən Azərbaycanın siyasi rəhbərliyi ölkəmizin işğal edilmiş ərazilərinin azad olunması uğrunda qətiyyətlə mübarizə aparır.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun əsaslı hüquq islahatları aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident və parlament seçkiləri təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.
Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və formalaşmasına görə, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə, onun tərəfindən həyata keçirilən dövlətçilik siyasətinə borcludur. Azərbaycan Respublikası prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər, sonuncu peşə bayramı günü ərəfəsində prokurorluq əməkdaşlarının böyük bir qrupunun yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, prokurorluq işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması prokurorluq orqanlarına dövlətimizin başçısı və dövlət səviyyəsində göstərilən inam və etimadın təzahürü kimi qiymətləndirilmişdir.
Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti əyani şəkildə xalqımıza və bütün beynəlxalq aləmə sübut etmişdir ki, Heydər Əliyev ideyaları yaşayır və xalqımızı xoşbəxt gələcəyə aparan yolu daima işıqlandırır. Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının mərhələ-mərhələ reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, şəffaf prosedurlar əsasında Milli Məclisə seçkilər keçirilməklə Azərbaycanın demokratiyaya sadiqliyi bütün dünyaya sübut edilmiş, dünya dövlətləri birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, rekord iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla ölkəmiz dünyanın lider dövlətləri sırasına çıxmış, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri istismara verilməklə “Əsrin müqaviləsi” adlı möhtəşəm enerji layihəsinin reallaşdırılması təmin edilmiş, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin mənafelərinə uyğun sülh yolu ilə aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü siyasət tədbirləri həyata keçirilmişdir.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimdə Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü və partiyanın icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Heydər Əliyev ideyaları əbədi yaşardır” və ulu öndərin xatirəsinə həsr olunmuş “Böyük ömrün dastanı” adlı əsərin müəllifi, xalq şairi Zəlimxan Yaqub məruzələrlə çıxış etmişlər. Məruzələrdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və siyasi müdrikliyi, Azərbaycan xalqı naminə onun gördüyü möhtəşəm işlər diqqətə çatdırılmışdır.
Sonda ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.