BASMAN BAZARINDA ZƏRƏRÇƏKƏN HƏMVƏTƏNLƏRİMİZƏ MADDİ YARDIM GÖSTƏRİLMİŞDİR
FHN-nin Mülki Müdafiə İdarəsi rəisinin müavini Elxan Cəbiyev və mayor Qüdrət Ağayev nazir Kəmaləddin Heydərovun tapşırığı ilə Moskvaya ezam olunmuşlar.
Xatırladaq ki, Prezident İlham Əliyev Basman bazarında baş vermiş faciəli hadisədən dərhal sonra Nazirlər Kabinetinə zərərçəkən həmvətənlərimizə kömək məqsədi ilə maliyyə vəsaiti ayırmağı tapşırmışdır. Fövqəladə hallar naziri K.Heydərov və səhiyyə naziri O.Şirəliyev dərhal Moskvaya ezam edilərək vəziyyətlə yerindəcə tanış olmuş, xəstəxanalardakı həmvətənlərimizə baş çəkmişlər.
Nazirlikdə Prezidentin göstərişini yerinə yetirmək məqsədi ilə işçi qrup yaradılmışdır. FHN-nin nümayəndələri bu günlərdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi ilə birlikdə vətəndaşlarımızın müalicə olunduqları bəzi xəstəxanalara baş çəkmişlər. Onlara 3 min manat məbləğində maddi yardım göstərilmişdir.
Elxan Cəbiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müalicə olunan 18 zərərçəkəndən 11-i Moskva klinikalarında, qalanları isə Azərbaycandadır. Yaralıların vəziyyəti qənaətbəxşdir, onlara həm xəstəxanaların tibb heyəti, həm də səfirliyimiz tərəfindən zəruri yardım göstərilir. Zərərçəkənlər faciədən dərhal sonra onlara göstərilən diqqət və qayğıya görə şəxsən Prezident İlham Əliyevə, habelə Azərbaycan hökumətinə, FHN-nə, Səhiyyə Nazirliyinə, ölkəmizin Moskvadakı səfirliyinə dərin minnətdarlıqlarını bildirmişlər.