Bayram ərəfəsində hərbi qulluqçular şəhid ailələrini ziyarət ediblər
Bakı, 30 dekabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları bayram ərəfəsində respublikamızın müxtəlif bölgələrində şəhid ailələrini ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi qulluqçular şəhidlərin ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıblar.
Keçirilən görüşlər zamanı Prezidentin 2023-cü ilin 7 noyabr tarixli müvafiq Sərəncamına əsasən təltif edilən şəhid hərbi qulluqçuların medalları da onların ailələrinə təqdim olunub.
Həmçinin, bayramlar ərəfəsində şəhidlərin məzarları ziyarət olunub, xatirələrinə hörmət və ehtiram nümayiş etdirilib.