BBVB-NİN VALYUTA BÖLMƏSİNİN DÖVRİYYƏSİ ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ 1,93 DƏFƏ ARTMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bağladıqları əqdlərin birjanın valyuta bölməsində keçirilmiş hərracların ümumi dövriyyəsindəki payına müvafiq olaraq, Azərbaycan Beynəlxalq Bankı, “Unibank” ASC, “Texnikabank” səhmdar kommersiya bankı, “Kapital Bank” səhmdar-kommersiya bankı və “Azəriqazbank” səhmdar kommersiya bankı birja valyuta bazarının liderləri olmuşlar.
Apreldə BBVB-nin valyuta bölməsində keçirilmiş hərraclarda 27 bank iştirak etmişdir. Hesabat ayında Birjanın Elektron Hərracların Sistemində 44 ticarət sessiyası keçirilmiş, 129 əqd qeydə alınmışdır. Valyuta bölməsində hərracların həcmi 161,583 milyon manat, yaxud dollar ekvivalentində 195,031 milyon təşkil etmişdir. AVR/AZN və RUR/AZN alətləri üzrə dövriyyə 487,655 min manat olmuşdur. Mart ayının göstəriciləri ilə müqayisədə apreldə valyuta bölməsində hərracların dövriyyəsi 35,52 faiz, BEHS-də orta gündəlik dövriyyə 19,975 milyon ABŞ dollarından 8,865 milyon dollaradək azalmış, hər əqdin orta həcmi martdakı 3,026 milyon dollara qarşı 1,512 milyon dollar olmuşdur. Həcm göstəricilərinin azalması mövsüm amilləri və mart ayında adətən müşahidə olunan vergi ödəmələrinin artması, həmçinin dövlət büdcəsinə trensfertlərlə əlaqədardır. Eyni zamanda. Elektron sistemində əqdlərin sayı aprel ayında 30 faiz artmışdır ki, bu da valyuta bazarının birja seqmentində bankların fəallığının artdığını göstərir. Belə ki, ötən ilin aprel ayının göstəriciləri ilə müqayisədə valyuta bölməsində həcmin 54,803 milyon manat, yaxud 51,32 faiz artması müşahidə olunur. Yanvar-aprel aylarında valyuta bölməsində dövriyyə ötən illə müqayisədə 1,93 dəfə artaraq, 696,09 milyon manat və ya 830,756 milyon dollar təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, milli valyutanın birja məzənnəsi hesabat ayında 0,36 faiz - 1 USD üçün 0,8316 manatdan - 0,8286 AZN-dək möhkəmlənmişdir. Apreldə manatın ABŞ dollarına nisbətdə orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8285 AZN olmuşdur. İlin əvvəlindən Eyni zamanda milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətdə 2 faiz, ümumən bir ildə isə 4,29 faiz möhkəmlənmişdir.