BDU ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq
Bakı, 15 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) iyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə DİM, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edəcək.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Ziyarətçilər sərgidə BDU nümayəndələri ilə ünsiyyət quraraq, qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə universitetin elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq.
Tədbirdə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər https://portal.dim.gov.az/sergi/ linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.
Sərgi DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.