BDU-da “Azərbaycan Milli Kitabxanası müasir mərhələdə” mövzusunda ustad dərsi keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları, magistrant və tələbələri üçün kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən “Azərbaycan Milli Kitabxanası müasir mərhələdə” mövzusunda onlayn ustad dərsi keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, professor Kərim Tahirov son dövrlər Bakı Dövlət Universitetində təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini qeyd edib. O, ulu öndər Heydər Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini diqqətə çatdıraraq, ümummilli liderin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” - kəlamını bir daha xatırladıb.
Milli Kitabxananın həyata keçirdiyi bir sıra layihələr haqqında məlumat verən professor xüsusilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan irsimizi rəqəmsal formada ölkəmizə gətirməkdir. Artıq layihə çərçivəsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi və digər görkəmli şəxsiyyətlərimizə aid 53 əlyazma Milli Kitabxananın fonduna daxil edilib.
Kitabxana əməkdaşlarının əksəriyyətinin məhz BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları olduğunu diqqətə çatdıran K.Tahirov gələcəkdə də kadrların yerləşdirilməsində fakültənin məzunlarının xüsusi rol oynayacaqlarına əminliyini bildirib.
Ustad dərsi auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Kərim Tahirov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.