ELM VƏ TƏHSİL
BDU-DA “HEYDƏR ƏLİYEV MƏKTƏBİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
Dekabrın 11-də Bakı Dövlət Universitetində “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi olmuşdur.
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Prezident Heydər Əliyevin xidmətlərinə həsr olunmuş məşğələni BDU-nun rektoru, MEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov açaraq iki ölkə arasındakı dostluğun və əməkdaşlığın möhkəmlənməsində dövlətimizin başçısının müstəsna rolundan danışdı.
Natiq BDU ilə Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələri, o cümlədən Moskva, Sankt-Peterburq, Novosibirsk Dövlət universitetləri arasında əlaqələrin müstəqil Azərbaycan dövlətinin mənafeyinə uyğun olaraq yenidən qurulmasını Prezident Heydər Əliyevin şəxsi nüfuzunun və qayğısının bəhrəsi kimi dəyərləndirdi.
Sonra Rusiya Federasiyasının Bakıdakı müvəqqəti işlər vəkili Stanislav Çernyavskinin “Rusiya-Azərbaycan münasibətləri” mövzusunda məruzəsi dinlənildi.
Məruzədə yenidən hakimiyyətə qayıtdıqdan sonra Prezident Heydər Əliyevin Rusiya Federasiyasına rəsmi səfərlərindən, orada keçirdiyi görüşlərdən, apardığı danışıqlardan və onun uğurlu nəticələrindən ətraflı söhbət açıldı. Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair imzaladıqları sənədlərin, müqavilələrin əhəmiyyəti xüsusi vurğulandı.
Sonra rusiyalı diplomat Stanislav Çernyavskinin Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində Prezident Heydər Əliyevin tarixi xidmətlərini əks etdirən “Azərbaycanın yeni yolu” adlı kitabı geniş müzakirə olundu.
Akademik Fuad Qasımzadə, professor Ağalar Abbasbəyli, MEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov və başqaları çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyindən danışdılar.