ELM VƏ TƏHSİL
BDU-da su-bataqlıq quşlarının bioekologiyasına dair elmi seminar
Bakı, 3 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Kür çayı axmazlarında su-bataqlıq quşlarının bioekologiyası” mövzusunda elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda Bioekologiya kafedrasının doktorantı Abdin Abbasovun mövzu üzrə məruzəsi dinlənilib. Bildirilib ki, axmazlar çayda baş verən yerdəyişmələr və çay yatağında əmələ gələn əyrilik nəticəsində yaranıb. Axmazları Kür çayının daşması nəticəsində suların çökəkliklərə toplanması və digər su tutarları ilə bilavasitə əlaqəsi olmayan bir hövzə kimi də təsəvvür etmək olar. Belə axmazlar Yevlax, Ağdaş, Zərdab, Saatlı, Sabirabad rayonları ərazisində yerləşir.
Axmazlar quşların yuvalama və qışlama yeri kimi xüsusi əhəmiyyətə malikdir. Axmazların ornitofaunası ilk dəfə geniş miqyasda tədqiq olunur. Tədqiqat işləri 2018-ci ildən başlayaraq həyata keçirilir. Yevlax, Ağdaş və Zərdab rayonları ərazisində yerləşən axmazlarda ilin müxtəlif fəsillərində tədqiqat işləri aparılıb. Saatlı və Sabirabad rayonları ərazisində isə tədqiqatlar bu aydan aparılacaq. Tədqiqat zamanı ümumilikdə 110-dan artıq quş növü qeydə alınıb, bunların da 68-i su-bataqlıq quşlarıdır. Su-bataqlıq quşlarının iki meyar üzrə ekoloji qrupları müəyyən olunub. Əraziyə münasibətinə görə 27 növün oturaq, 24 növün yuvalamaq üçün, 10 növün qışlamaq üçün gələn, 10 növün isə köç vaxtı rast gəlinən quşlar olduğu müəyyənləşib. Quşların 11 növü qamışda, 26 növü suda, 14 növü sahildə yuva qurub.
Axmazların bəzilərində (əsasən Yevlax rayonu) kütləvi yuvalama yerləri aşkar edilib. Lakin aparılmış tədqiqat işləri göstərir ki, hər il həm yuvalayan, həm də qışlayan quşların sayında azalma müşahidə olunur. Bunun qanunsuz ovçuluq, qamışlıqların yandırılması, axmazların qurudulması və ya vətəgə kimi istifadə olunması, eləcə də yerli əhali tərəfindən otarılması, bataqlıq qunduzunun çoxalması və qamışlıqları məhv etməsi, su qıtlığı səbəbindən göllərin su ilə normal təmin olunmaması və s. səbəbləri var. Su-bataqlıq quşlarının kütləvi yuvalama yerləri olan axmazlara xüsusi qorunma statusunun verilməsi və ciddi qorunması təklif olunur.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.