BDU-da tədbir: İrqi ayrı-seçkiliyin ləğv edilməsi
Bakı, 9 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "İqri ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi" adlı onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə TGT sədri Firavan Əlizadə mövzunun əhəmiyyəti və aktuallığı barədə məlumat verib.
Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Aygün Cəbiyeva "İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi" mövzusunda çıxış edərək, irqi ayrı-seçkiliyin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Seminarda nəzəri və praktiki məsələlər müzakirə olunub, beynəlxalq sənədlərə istinad edilərək konvensiyalardan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair sitatlar gətirilib.
Fakültənin tələbələri Tural Həsənov "İrqçilik tarixi - insan hüquqlarının pozulması təzahürü kimi", Siyavuş Bağırov "Diskriminasiya ilə mübarizə şəkillərdə" və Mədinə Tahirli "İrqi ayrı-seçkilik və beynəlxalq hüquq" mövzularında təqdimatla çıxış ediblər. Çıxışlarda irqi ayrı-seçkilik müxtəlif tarixi dövrlərə nəzərən təhlil edilib, müxtəlif filosofların mövzu ilə bağlı düşüncələrindən, dünyanın müxtəlif universitetlərinin araşdırmalarından bəhs olunub.