BDU-nun akademik heyəti üçün təlim: Müəllimlərin psixoloji rifahı və dayanıqlılığına dəstək
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə universitetin akademik heyəti üçün “Müəllimlərin psixoloji rifahı və dayanıqlılığına dəstək” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Təhsil psixoloqu, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə mövzu ilə bağlı çıxış edib. Bildirib ki, təlimin əsas məqsədi müəllimlərin peşə fəaliyyəti zamanı psixoloji rifahının gücləndirilməsi, emosional dayanıqlılığının artırılması və tədris mühitində mövcud psixoloji risk faktorlarının idarə edilməsinə dəstək göstərilməsidir.
Təlim çərçivəsində akademik heyətin iş prosesində qarşılaşdığı psixoloji yükün effektiv idarə olunması, stresə davamlılıq bacarıqlarının formalaşdırılması, eləcə də peşəkar fəaliyyət zamanı emosional tükənmişliyin qarşısının alınması məsələləri elmi-metodik yanaşma əsasında iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, effektiv ünsiyyət bacarıqları, şəxsi və peşəkar sərhədlərin qorunması, akademik mühitdə sağlam psixoloji iqlimin formalaşdırılması istiqamətində praktik yanaşmalar təqdim edilib.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.