ELM VƏ TƏHSİL
BƏDƏN TƏRBİYƏSİ TƏDRİSİNİN SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK ÜÇÜN
Gənclər, İdman və Turizm Nazirliyində ölkənin təhsil müəssisələrində bədən tərbiyəsi tədrisinin səviyyəsini yüksəltmək yollarının axtarısına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə uşaq idman məktəblərinin rəhbərləri, tədris müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində bədən tərbiyəsi tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına, gənclərin idmana daha fəal cəlb edilməsinə, sağlam həyat tərzinin təbliğinə dair bir sıra təkliflər irəli sürmüşdür. Gənclər, idman və turizm, təhsil nazirliklərinin birgə əmrinə əsasən, təhsil müəssisələri sistemində bu fənnin tədrisinin vəziyyətini öyrənmək üçün işçi qrupu yaradılmışdır.
Müşavirədə İştirak edən təhsil naziri Misir Mərdanov bildirdi ki, ölkənin 4518 təhsil müəssisəsindən 1225-i yararsız binalarda yerləşir, məktəblərin idman salonlarından bəzən təyinatı üzrə istifadə olunmur.
Təhsil nazirinin müavini Elmar Qasımov, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov müşavirə iştirakçılarını görülmüş işlərin nəticələri ilə tanış etdilər. Bildirildi ki,maddi-texniki bazanın zəifliyi, təhsilin aşağı səviyyədə olması və digər amillər bədən tərbiyəsi tədrisin keyfiyyətini aşağı salır.
Müşavirədə bədən tərbiyəsinin tədrisinə ayrılan saatların artırılmasına, təhsil müəssisələri üçün müasir idman avadanlığı alınması ilə bağlı hökumət qarşısında məsələ qaldırmasına, ali məktəb tələbələri üçün normativ imtahanların tətbiqinə, ölkənin bütün bölgələrində yay idman-sağlamlıq düşərgələrinin yaradılmasına dair təkliflər irəli sürüldü.