Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) idman tibbi və reabilitasiya sahəsinin inkişafına yeni töhfələrin verilməsi məqsədilə mayın 7-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə memorandum imzalayıb.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandum Akademiya ilə Agentlik arasında idman tibbi və reabilitasiya sahəsinin inkişafı üzrə birgə fəaliyyət qurmaqla qarşılıqlı əməkdaşlığa və səmərəli nəticələrə nail olmaq məqsədi daşıyır.
İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vuran ölkə olaraq reabilitasiya sahəsinə xüsusi diqqət ayırmaq və bu sahədə peşəkar kadrların yetişdirilməsi prioritet mövzulardandır. ADBTİA öz növbəsində peşəkar gənc reabilitoloqlar yetişdirərək bu sahəyə töhfə verməkdədir.
Əməkdaşlığın nəticəsi olaraq idman tibbi və reabilitasiya sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin təşkili nəzərdə tutulub. Həmçinin Akademiyanın bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün Agentliyin tabeliyində olan reabilitasiya mərkəzlərində müvafiq təcrübə və təlimlərin keçirilməsi, agentliyin, onun struktur bölmələrinin və tabe qurumlarının əməkdaşları üçün Akademiyada müvafiq ixtisasartırma və ya təcrübə, eləcə də yüksək ixtisaslı peşəkar kadr hazırlığının təşkili nəzərdə tutulub.