BELARUSDA YENİ NEFT YATAĞI KƏŞF EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, “Belarusneft”in geoloqları ölkənin cənubundakı Xoyniksk rayonunda yeni neft yatağı kəşf etmişlər. Aparılmış sınaqların nəticələrinə görə, yeni yataqda sutkada 18 kubmetrdən çox debitə malik olan yüngül neft ehtiyatları vardır. Bu göstərici Belarus regionu üçün sanballı əlavə deməkdir.
Neft fontanı 4 min 300 metrdən artıq dərinlikdən vurmuşdur. Sənaye miqyasında neft axını semiluksk çöküntüləri deyilən laydan alınmışdır. Yeni yataqda təqribən 145 min ton neft ehtiyatı olması güman edilir. Lakin bu rəqəm hələ dəqiqləşdirilməmişdir. Geoloqlar yeni yataqda tapılmış karbohidrogen xammalının unikal xassələrə malik olmasını təsdiqləyirlər: burada tapılmış yüngül neft xammal bazarında yüksək qiymətləndirilir. Kəşfiyyat quyusunda tədqiqat işləri davam etdiriləcəkdir. Quyunun dərinliyini artırmaq nəzərdə tutulur. Geoloqların fikrincə, onlar daha bir neftli lay aşkar edə biləcəklər. Yeni yataqda “qara qızıl”ın sənaye miqyasında hasilatına bu ilin payızında başlamaq nəzərdə tutulur.