“Benfika”nın baş məşqçisi: “Araz-Naxçıvan”la oyunda qalibiyyət seriyamızı davam etdirməyi hədəfləyirik
Bakı, 5 dekabr, AZƏRTAC
Qalibiyyət seriyamızı davam etdirməyi hədəfləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Portuqaliyanın “Benfika” komandasının baş məşqçisi Kassiano Kleyn futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
O, birinci oyunun çətin keçdiyini bildirib: “Meydana rahat çıxacağıq. İlk görüşdə düzgün anlarda qollar vurduq. Cavab matçı da bizim üçün vacibdir. Çempionlar Liqasında daha da irəli getmək istəyirik. Bu, bizim ən böyük arzumuzdur. Azarkeşlərimizin qarşısında bunun üçün əlimizdən gələni edəcəyik”.
Müdafiəçi Raul Moreyra da bu gün ilk oyundakına bənzər qarşılaşma gözlədiyini bildirib: “Araz-Naxçıvan”ın ilk görüşdə bəzi itkiləri var idi. Lissabonda daha istəkli və çətin komandaya qarşı oynayacağıq. Onlar bizə Bakıda bəzi keçid hücumlarında müəyyən təhlükə yarada bildilər. Həmin məqamlarda diqqətli olmalıyıq”.
"Pavilyao Fidelidade" arenasında təşkil olunacaq “Benfika” - “Araz-Naxçıvan” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Bakıda keçirilmiş ilk görüşdə “Benfika” 9:0 hesablı qələbə qazanıb.