BƏRDƏ RAYONUNDA 2008-Cİ İLİN I RÜBÜNÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Bərdə Rayon İcra Hakimiyyətində 2008-ci ilin I rübünün yekunlarına həsr olunmuş şura iclası keçirilmişdir. Yığıncaqda rayonda I rübdə rayonda görülmüş işlər təhlil edilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı İlham Ağayev bildirmişdir ki, I rübün yekunları respublikada gedən inkişaf prosesini özündə əks etdirir.
Artımın bütün sahələri əhatə etdiyini qeyd edən İ.Ağayev bildirmişdir ki, cari ilin taxıl məhsulu üçün 18,9 min hektar sahədə buğda əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 27,8 faiz çoxdur. Bütövlükdə dənli bitkilər əkini 36,6 faiz artaraq 21,7 min hektar təşkil etmişdir. Aprelin 1-nə yazlıq səpinlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 hektar artmışdır.
İlin I rübündə iribuynuzlu mal-qaranın sayı 5,7 faiz artaraq 73015 başa çatmışdır. İnək və camışların sayı 6,6 faiz, qoyun və keçilərin sayı 2 faiz artmışdır. Diri çəkidə ət istehsalı 1745 ton, süd istehsalı 8985 ton, yumurta istehsalı 1 milyon 550 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
2008-ci ilin I rübündə 1 milyon 619 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövründəkindən 4,9 faiz çoxdur.
Yanvar-mart aylarında bütün maliyyə mənbələri hesabına rayonda iqtisadiyyatın inkişafına 1 milyon 845 min manat, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əsas kapitala investisiya yönəldilmişdir. Ümumi tikinti işlərinin həcmi 14,8 faiz çoxalmışdır. Rayonda geniş abadlıq-quruculuq işləri aparılmışdır.
İ.Ağayev demişdir ki, bütövlükdə I rübün yekunları onu göstərir ki, rayonda 2008-ci ilin uğurla başa çatması üçün zəmin yaradılmışdır, qarşıda duran vəzifələrin icrasına nail olunmuşdur.
Şura iclasında çıxış edən digər natiqlər 2008-ci ilin I rübündə rayondakı uğurlardan, eyni zamanda problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.