BƏRDƏDƏ ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Bərdə, 6 fevral (AZƏRTAC). Bərdə Rayon İcra Hakimiyyətində 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsinin önünə tər çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla anmışlar.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev məruzə ilə çıxış edərək məlumat vermişdir ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul buraxılışı 160,3 milyon manat təşkil etmişdir. Bu, 2007-ci ildəkinə nisbətən 44,6 faiz çoxdur. Əvvəlki illə müqayisədə 8 milyon manatlıq və ya 34 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, 19 milyon 780 min manatlıq, o cümlədən daxili imkanlar hesabına 8 milyon 854,2 manatlıq tikinti işləri aparılmışdır. Əsas kapitala 17,8 milyon manat investisiya yönəldilmişdir. Bütövlükdə, rayon iqtisadiyyatına investisiya qoyuluşu 2 dəfədən çox artmışdır.
Bu müddətdə kənd təsərrüfatının ümumi məhsulu 35,8 faiz artaraq 95 milyon manat təşkil etmişdir. Torpaq sahibləri 71 min 318 ton taxıl, 5 min 353 ton pambıq, 36 min 100 ton tərəvəz, 3 min 582 ton kartof, 26 min 760 ton bostan məhsulları, 1558 ton günəbaxan, 42 min ton şəkər çuğunduru istehsal etmişlər. Dənli və dənli-paxlalıların istehsalı 2,4 dəfə çoxalmışdır. 2009-cu ilin məhsulu üçün 25,6 min hektar sahədə payızlıq taxıl əkilmişdir. Payızlıq əkinlərin sahəsi 25,3 faiz artırılaraq 27,1 min hektara çatdırılmışdır. Heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılmışdır. İnək və camışların sayı 35 min 911 baş, qoyun və keçilərin sayı 125 min 037 baş olmuşdur. Diri çəkidə 10 min 500 ton ət, 44 min 100 ton süd, 21,9 milyon ədəd yumurta, 295 ton yun istehsal edilmişdir. Ət istehsalı 5,5, süd 4,5, yumurta 14,1, yun 1,7 faiz artmışdır.
Ötən il 20 çarpayılıq müalicə-diaqnostika mərkəzi, 600 yerlik musiqi məktəbi, 1000 yerlik ticarət mərkəzi, yol-nizamlayıcı dairə, maşın ehtiyat hissələrinin satış mərkəzi, meyvə-tərəvəz yarmarkası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evi, tarix-diyarşünaslıq muzeyi, qonaq evi, dairə seçki komissiyasının binası, vərəm dispanseri, 5 kənddə həkim ambulatoriyaları üçün yeni binalar tikilmişdir. Avtovağzal binasının, Koroğlu küçəsində mədəniyyət və istirahət parkının, Kətəlparaq kənd orta məktəbinin tikintisi davam etdirilmişdir. Asfalt-beton zavodu istifadəyə verilmiş, şəhərin Sabir küçəsində istirahət parkı salınmışdır.
Hesabat dövründə 888 abonentə telefon çəkilmiş, Şahvəlilər kəndində 128, Kətəlparaq kəndində 256 nömrəlik elektron ATS-lər quraşdırılmışdır. Ötən il Şorəlli, Yeni Daşkənd, Cəyirli, Zümürxan İmamqulubəyli kəndlərinə, 2009-cu ilin ilk günlərində Qarağacı, Hacallı və Mehdixanlı kəndlərinə təbii qaz verilmiş, şəhərdə 7,8 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir.
Qeyd edilmişdir ki, rayon məşğulluq mərkəzinə müraciət etmiş 322 nəfərin 237-si işlə təmin olunmuşdur. Xatırladılmışdır ki, 2004-2008-ci illərdə 9 min 337 yeni iş yeri açılmışdır. Onlardan 5 min 568-i daimidir. Yeni açılmış iş yerlərinin 1061-i ötən ilin payına düşür.
Yığıncaqda cari ildə görüləcək işlər müzakirə edilmiş, müvafiq qərar qəbul olunmuşdur. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc yığıncaqda çıxış etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncağın işində Prezidentin İcra Aparatının məsul işçisi Hafiz Məmmədov iştirak etmişdir.