REGİONLAR
BƏRDƏDƏ QARABAĞ ATLARININ SƏRGİ-SATIŞ YARMARKASI KEÇİRİLƏCƏK
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 10-da Bərdə şəhər stadionunda Qarabağ atlarının sərgi-satış yarmarkası və cıdır yarışları keçiriləcəkdir. Sərgi-satışa və cıdıra Yevlax, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli rayonlarının dövlət damazlıq və fermer təsərrüfatlarında yetişdirilən atlar çıxarılacaqdır.
Məqsəd “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, atçılığın inkişafını stimullaşdırmaq, sahibkarların diqqətini sahəyə yönəltmək, atçılıq idmanını təbliğ etməkdir.
X X X
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Qarabağ atları” adlı qısametrajlı videofilm istehsal edilmişdir. Filmin ssenari müəllifi və baş məsləhətçisi nazir İsmət Abasovdur.
Filmdə məlumat verilir ki, Azərbaycan atların əhliləşdirildiyi və təşəkkül tapdığı ən qədim ölkədir. Antik dövrün salnamələrində, Heredotun əsərlərində Azərbaycan atçılıq məkanı sayılır. Ümumiyyətlə, Azərbaycan tarixini atsız təsəvvür etmək olmaz. El şənliklərində, Çövkən, Sürpapaq, Qızaçat kimi milli atüstü oyunlarında Qarabağ və Diliboz atlarından geniş istifadə olunur. Qarabağ atları damazlıq cins kimi bir çox xarici ölkələrin at cinslərinin formalaşmasında, xüsusən Rusiyada geniş istifadə edilmişdir. Qarabağ atı bir çox Avropa ölkələrində və Yaxın Şərqdə cins at kimi yüksək qiymətləndirilir.
Vurğulanır ki, hazırda dünyada yetişdirilən 260 at cinsindən 2-si - Qarabağ və Diliboz cinsli atlar Azərbaycan xalqına mənsubdur. Qarabağ atı respublikamızın əsas genefondu və milli sərvətidir. Rəsmi statistikaya görə, ölkədə 70 minə yaxın at vardır. Doğma Qarabağ torpağımız Ermənistan qəsbkarları tərəfindən işğal edildikdən sonra bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz kimi, Qarabağ atları da bu gün qaçqınlıq həyatı yaşayır.
Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin damazlıq təsərrüfatlarında Qarabağ atlarının seleksiyası, inkişaf etdirilməsi, genefondunu qoruyub saxlamaq sahəsində də məqsədyönlü elmi işlər aparılır.
Videofilmdə milli sərvətimiz - Diliboz cinsli atların da tarixi inkişaf yolu və özünəməxsus yüksək keyfiyyətləri nəzərə çatdırılır.
Xatırladaq ki, Ermənistan Respublikası beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə daha bir təxribatçı addım ataraq 2004-cü ilin iyununda Qarabağ atının şəkli olan poçt markası buraxmışdır.