REGİONLAR
Bərdədə rayon sakinlərinə 3 min nüsxəyə yaxın kitab hədiyyə edilib





Bərdə, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayon Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab sərgisi təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıb, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar.
Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən ulu öndər Heydər Əliyevdən bəhs edən üç min nüsxəyə yaxın nəşr nümayiş olunub. Açıq havada sərgilənən kitablar rayon sakinlərinə hədiyyə edilib. Sərgi sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb.