Bərdədə Vətən müharibəsində qazanılan Qələbənin birinci ildönümü münasibətilə tədbir keçirilib
Bərdə, 5 noyabr, AZƏRTAC
Bərdədə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin birinci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elbrus Bağırov və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərdən, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən, xalq-iqtidar-ordu birliyindən danışıblar.
Şəhid ailələrinin üzvləri onlara, eləcə də qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş hərbçilərə və şəhidlərin ailə üzvlərinə medallar təqdim edilib.
Sonda Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya göstərilib.