BERLİNDƏ “27-Cİ ONKOLOGİYA KONQRESİ” ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Avropa Onkoloqlar Assosiasiyası, Robert Kox adına Bakteriologiya və Virusologiya Tibbi Tədqiqatlar İnstitutu və Almaniya Federal Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş forumun işində almandilli dövlətlərdən Almaniya, Avstriya, İsveçrə, Lüksemburq, Lixtenşteyn, həmçinin qonşu dövlətlər - Hollandiya, Fransa və Belçikadan 8 minə qədər onkoloq alim və səhiyyə işçisi iştirak edir.
Məruzə və diskussiyalarda xərçəngin diaqnostikası, profilaktikası sahəsində fikir mübadiləsi aparılacaqdır.
Konqresin açılış iclasında Robert Kox İnstitutunun nümayəndəsi son illər Avropada xərçəngə yoluxanların sayının təhlükəli şəkildə artması barədə xəbərdarlıqla çıxış etmişdir. O bildirmişdir ki, xərçəng xəstəliyinin Avropada ciddi nəzarət altında saxlanmasına, müalicə forma və metodlarının daha da təkmilləşdirilməsi istiqamətində müəyyən nailiyyət əldə edilməsinə baxmayaraq, bunlar hələ də qənaətbəxş deyildir. Məsələn, dəqiq hesablamalara görə, təkcə Almaniyada hər il 425 min nəfər xərçəngə yoluxur və bunların təxminən 210 mini ölür.
Konqres öz işini martın 27-də başa çatdıracaqdır.