BERLİNDƏ AZƏRBAYCAN VƏ ALMANİYA XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
X.Xələfov Almaniya federal kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Kristof Hoysqenlə və Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi tapşırıqlar səfiri Norbert Baas ilə görüşmüşdür. Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin səviyyəsindən razılıq ifadə edilmiş, bu əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara, Cənubi Qafqazdakı vəziyyətə, Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulmasına, enerji sahəsində əməkdaşlıq imkanlarına, regionda həyata keçirilən irimiqyaslı layihələr və digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
X.Xələfovun Bundestaqın xarici əlaqələr komissiyasının sədri Rupxert Potensin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə parlamentdə təmsil olunan partiyaların xarici siyasət məsələləri uzrə səlahiyyətli nümayəndələri iştirak etmişlər. Söhbət zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazdakı vəziyyət və bir sıra beynəlxalq məsələlər müzakirə edilmişdir.
Səfər müddətində nazir müavini Almaniyadakı Azərbaycan diasporunun fəalları ilə görüşmüş, yerli jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. X.Xələfov, Almaniyadan bütün dünyaya yayımlanan Türk-Alman Televiziyası TDG-yə, Almaniyanın rusdilli televiziya kanalı RTVG-yə və bu ölkədə nəşr edilən “Vostok” jurnalına müsahibələr vermişdir.