Bərpaolunan enerji ehtiyatları ilə bağlı Azərbaycan dilində ilk dərslik MEK-ə təqdim edilib
Bakı, 9 yanvar, AZƏRTAC
Ölkədə bərpaolunan enerji ehtiyatlarından istifadə ilə bağlı Azərbaycan dilində yazılmış ilk dərslik AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.
Bakı Ali Neft Məktəbində (BANM) bp və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpaolunan enerji ehtiyatlarından istifadəyə giriş” dərsliyinin müəllifləri BANM-in rektoru Elmar Qasımov və Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.
Bu nəşr Azərbaycanda bərpaolunan enerji mühəndisliyi üzrə Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş ilk universitet dərsliyidir. Dərslik səkkiz fəsildən ibarətdir və ənənəvi enerji mənbələri və onlardan istifadənin yaratdığı problemlər, günəş, külək, geotermal, hidroenerji, yaşıl hidrogen, kiçik su elektrik stansiyaları, eləcə də dayanıqlı inkişaf və bərpaolunan enerji məsələlərini əhatə edir. Bu fəsillərdə bəşəriyyətin enerji tarixinin inkişaf mərhələləri təhlil olunur, ənənəvi enerjidən istifadənin müasir dünyada yaratdığı problemlərə diqqət yetirilir.
Bərpaolunan enerji və ondan istifadənin aktual problemlərini əhatə edən dəyərli elmi mənbə olan bu dərslik geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.