Bəşir Hacıyev: Qarabağın inkişafı üçün bütün qurumlar bir-birinə dəstək olur
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu yaxınlarda Füzuli Şəhəri Günü qeyd edildi. Prezident İlham Əliyev tədbirdə iştirak etdi və çıxış etdi. Füzuli sakinləri onlar üçün yaradılan şəraitdən çox məmnun qaldı.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuq” mövzusunda panel müzakirələrdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev söyləyib.
“Bu yaxınlarda daha iki kəndin - Cuvarlı, Qoçəhmədlinin təməli qoyuldu. Eyni zamanda da iki yaşayış məhəlləsinin və Füzulidə uşaq bağçasının təməli qoyuldu. Bu işlərin sürətlə icra olunması üçün hər qurum üzərinə düşən işi sürətlə görür.
Ümumilikdə erməni vandalizminə məruz qalan kənd, şəhər və qəsəbələrimiz artıq cənnətə çevrilir. Füzulidə bərpa olunan evlər öz doğma sakinlərini qəbul edir. Artıq məktəblərdə, bağçalarda uşaq səsləri gəlir. Qarabağın inkişafı üçün bütün qurumlar bir-birinə dəstək olaraq əlindən gələn köməyi edir”, - deyə B.Hacıyev qeyd edib.