Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Tarix kafedrası”nın müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş dahi bəstəkarımız Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolu” mövzusunda təşkil edilib.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Daha sonra Üzeyir bəyin musiqi dünyasından, zəngin yaradıcılığından söhbət açan F.Əlizadə bildirib ki, dahi bəstəkar həm də ictimai, publisist kimi fəaliyyət göstərib. Bu baxımdan onun Cümhuriyyət dövründəki xidmətləri mühüm əhəmiyyət kəsb edir.
Sonra söz qonağa verilib. Tarixçi-alim Firdovsiyyə Əhmədova bir xalqın dünyaya tanıdılmasında onun mədəniyyətinin mühüm rol oynadığını söyləyib: “XX əsrin əvvəllərində formalaşan ziyalılar Azərbaycan mədəniyyətinin intibah dövrünün həm yetirmələri, həm də bu dövrü yaradanlar idilər. Onların əksəriyyəti Şərq və Qərb sivilizasiyasını bir arada, vəhdətdə görürdü. Bu il dahi bəstəkar Üzeyir bəyin vəfatının 70 illiyi Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə təsadüf edir. Bu, sırf təsadüfdür. Ancaq mənəvi bağlılıq, iki anlamı bir araya gətirmək baxımdan ayrılmaz anlayış və dəyərdir. Üzeyir bəy özü də bilməzdi ki, Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti ilə bir gün gələcək bu dövlətin qurucuları sırasında onun adı da çəkiləcək. Təbii ki, Üzeyir bəy Cümhuriyyət dövrünədək musiqisi, bəstəkarlığı ilə şöhrət qazanmışdı”.
Tarixçi-alim Üzeyir bəyin uşaqlıq dövründən, ictimai xarakterinin formalaşmasına təsir göstərən mühit barədə danışıb, cümhuriyyət tarixi barədə geniş məlumat verib.
Sonda alim tədbir iştirakçılarının suallarını cavablandırıb.